Rayonlarda ağacların `soyqırımı` - Gecə ilə kütləvi şəkildə kəsilib


22:06     23 Noyabr 2017 odun%20agac.JPG

Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) 70 nəfərdən ibarət geniş tərkibli komissiya tərəfindən Oğuz və İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin (MMBM) ərazilərində meşələrin qorunub mühafizə edilməsi vəziyyəti kompleks araşdırılıb və regionlarda reydlər keçirilib.


ETSN-nin mətbuat xidmətindən Femida.az-ya verilən məlumata görə, aparılan yoxlamalar zamanı hər iki müəssisədə meşələrin qorunub mühafizə edilməsi işinin qeyri-qənaətbəxş təşkil olunduğu və qanunsuz qırıntılara yol verildiyi müəyyən olunub. Son 4 ay ərzində Oğuz MMBM-in ərazisində 4807,93 m3 həcmində, 60134 manat dəyərində, 4180 ədəd və İsmayıllı MMBM-in ərazisində 2061,55 m3 həcmində, 14578 manat dəyərində, 4830 ədəd ağacın qanunsuz olaraq kəsildiyi aşkar edilib.

Meşə ərazilərində aşkar olunmuş qanunsuz kəsilmiş ağacların istifadə mənbəyini müəyyənləşdirmək məqsədilə ETSN-nin əməkdaşları tərəfindən 2-20 noyabrda magistral avtomobil yollarında reydlər keçirilib. Reydlər zamanı Oğuz, İsmayıllı, Göyçay, Şəki rayonları ərazisində xüsusilə də gecə saatlarında yük yerlərində meşə materialları olan “Ural”, “QAZ-66” “Kamaz”, “QAZ-53”, “ZİL”, “UAZ”, “Qazel”, “QAZ-24” markalı ümumilikdə 15 avtomobil müşahidə edilib. Nazirliyin əməkdaşları tərəfindən sözügedən maşınlar izlənilib.

Aşkar olunmuş faktlar üzrə təqsirkarlar barəsində aktlar tərtib edilib, qanunvericiliyə uyğun qaydada ziyanlar tətbiq olunub və toplanmış sənədlər tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib.

Eyni zamanda araşdırmalar zamanı Oğuz və İsmayıllı meşə ərazilərindən qanunsuz yolla əldə olunmuş ağaclardan kömürün hazırlandığı da aşkar edilib.

Oğuz rayonu Muxas bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində kömür hazırlamaq məqsədilə 84 ədəd quyunun qazıldığı (23 quyuda yandırmaq məqsədilə meşə materialı yığıldığı, 61 quyunun isə hazırlanmış kömürün çıxarıldığından boş olduğu) və təbiətə 2310 manat məbləğində ziyan vurulduğu müəyyən olunub.

Nazirliyin əməkdaşları tərəfindən görülən operativ tədbirlər nəticəsində qanunsuz yaradılmış kömür quyuları ləğv edilib, ərazi əvvəlki vəziyyətinə gətirilib və gələcəkdə belə hallara yol verilməməsi üçün Muxas bələdiyyəsinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Reydlər zamanı Abşeron rayonu Ceyranbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Ahmed Kahveçiyə məxsus “Kissan Parke LTD” müəssisəsinin ərazisinə baxış keçirilərkən palıddan hazırlanmış 40621 m2 reyka və 10000 m2 parket, fıstıqdan hazırlanmış 2500 m2 reyka, 1100 m2 parket və 87 m3 palıd taxtası aşkar edilib. Sexin sahibinin təqdim etdiyi sənədlərdə materialların Rusiya Federasiyasının Krasnodar vilayətindən alındığı göstərilir. Lakin faktı araşdırmağa əlavə ehtiyac olduğundan həmin materialların mənşəyinin müəyyən edilməsi üçün hazırda araşdırmalar davam etdirilir. Həmçinin müəssisənin ərazisində 120 m3 qoz taxtası aşkar edilib.

Hazırda reydlər davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 823